Filippin HIMARS YARS və “BrahMos” GƏR alacaq

Filippin HIMARS YARS və “BrahMos” GƏR alacaq

Filippin öz ordusunun imkanlarını modernləşdirmək üçün M142 HIMARS yaylım atəşli reaktiv sistemləri (YARS) və PJ-10 “BrahMos” gəmi əleyhinə raketləri (GƏR) almağa çalışır.

“Poliqon” “NavalNews” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Filippin Ordusunun komandanı Romeo Brauner Ordu Artilleriya Alayının (Army Artillery Regiment’s – AAR) 125-ci ildönümündə deyib.

Alayın modernləşdirilməsi planları ölkənin “Filippin Silahlı Qüvvələrinin 15 illik modernləşdirmə proqramı”nın (RAFPMP) sonuncu “Horizon 3” mərhələsinə daxil olması ilə əlaqədardır.

Brauner ölkənin hərbi modernləşdirilməsində Filippin Ordusunun avanqard qüvvəsi kimi alayın gələcəyini vurğulayıb: “Növbəti illərdə, xanımlar və cənablar, siz daha da güclü və öldürücü ordu artilleriya alayı görəcəksiniz. Gəmi əleyhinə raketlərimiz olacaq, zenit artilleriyamız olacaq, HIMARS gələcək illərdə gələcək”.

Hazırda alayın 10 artilleriya divizionu əsasən Soyuq Müharibə dövründən qalma silahlarla silahlanıb. Əvvəllər alay Filippin arxipelaqında əks-üsyan əməliyyatlarını dəstəkləməyə diqqət yetirirdi.

Bu yaxınlarda bölmə 12 müasir ATMOS 2000 özüyeriyən artilleriya qurğusu qəbul edib (ətraflı: Filippin İsraildən ATMOS 2000 ÖAQ alıb).

Filippin ordusunun ehtiyacları üçün Hindistanın “BrahMos” gəmi əleyhinə səsdən sürətli qanadlı raketinin alınacağı da gözlənilir. Bundan əvvəl Filippin Hərbi Dəniz Qüvvələri (HDQ) Filippin Dəniz Piyadaları Korpusunun (DPK) ehtiyacları üçün üç “BrahMos” batareyası sifariş etmişdi (ətraflı: Filippin “Brahmos” raket sistemləri alacaq).

Filippin Dəniz Piyadaları Korpusunun Sahil Müdafiə Alayı üçün ilk BrahMos batareyası dekabr ayına qədər gələcək. Ordu isə bu il iki “BrahMos” batareyası üçün müqavilə bağlayacaq.

PJ-10 “BrahMos” Rusiyanın “HSK “Maşınqayırma EİB”” ASC və Hindistan Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) tərəfindən birgə hazırlanmış və “BrahMos Aerospace” şirkəti tərəfindən istehsal edilən səsdən sürətli gəmi əleyhinə raketdir. Raketin adı Hindistanın Brahmaputra və Rusiyanın Moskva çaylarının adından götürülüb. Raket sovet istehsalı P-800 “Oniks” gəmi əleyhinə raketin əsasında hazırlanıb.

O, 5-15000 metr yüksəklikdə kombinələşdirilmiş trayektoriya ilə 300 km, aşağı hündürlükdə isə 120 km məsafəyə uçur. Uçuş orta sürəti 2.2-3 Mach, maksimal sürəti isə 3.5 Mach təşkil edir. Raketin start çəkisi 2500 kq (aviasiya bazalanmalı) / 3000 kq (gəmi bazalanmalı), döyüş başlığınln çəkisi isə müvafiq olaraq 200 / 450 kq-dır. Raketin maksimal atəş məsafəsi 650 km-dir.

M142 HIMARS (High Mobility Artillery Rocket System – yüksək mobillikli artilleriya raket sistemi) şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur.

Bu qurğu 6 ədəd M270 MLRS tipli reaktiv mərmilərin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 kilometr təşkil edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS